Zəyəm Texnologiyalar Parkı fəaliyyət istiqamətləri genişləndirir

02 may 2015-ci il

Regionlarda iri sənaye və istehsalat müəsissələrinin yaradılması, qeyri-neft sektorunun inkişafı ölkəmizdə prioritetlərdən biridir. Bu istiqamətdə ölkəmizdə müxtəlif müəssisələr yaradılır.

Prezident İlham Əliyevin regionlara səfərləri, o cümlədən bölgələrdə açılışında iştirak etdiyi sənaye, istehsalat və kənd təsərrüfatı müəssisələri əsaslı şəkildə genişləndirilir. Nəticədə bu tədbirlərin davamı olaraq qeyri-neft sektoru regionlarda inkişaf edir, yeni iş yerləri yaradılır, əhalinin sosial rifah halı yaxşılaşır. Bu işlərin davamı olaraq 1962-ci ildə əsası qoyulan “Bakı avtomobil ehtiyat hissələri” zavodunun filialı bazasında yenidən qurulan Zəyəm Texnologiyalar Parkı da fəaliyyətini günün tələbləri səviyyəsində həyata keçirir. Müasir tipli istixana konstruksiyaları, istixana nəmləndirmə sistemi, damlama üsulu ilə müasir suvarma avadanlıqları, isitmə qazan və kollektorlarının istehsalı və quraşdırılması üzrə ixtisaslaşan texnologiyalar parkı nəinki respublikamızın, o cümlədən regionun ən perspektivli müəssisələrindəndir.

Bu müəssisə idxalı əvəzləyən rəqabətədavamlı məhsullar istehsalına, respublikamızın təbii resurslarından səmərəli istifadəyə, idxalla bağlı daşınma xərcləri və müddətinin aradan qaldırılmasına, nəzərdə tutulan müxtəlif layihələrin vaxtında icrasına hərtərəfli imkanlar açır.