Prezident İlham Əliyev Şəmkir rayonuna səfəri çərçivəsində “Şəmkir Aqropark”ın təməlqoyma mərasimində iştirak etdi

15 Noyabr 2014-cü il

Şəmkirçay çayı üzərində dəryaçanın inşası region üçün mühüm əhəmiyyətə malik olan yeni aqroparkın yaradılmasına geniş imkanlar yaradıb. Dövlət başçısının tapşırığına əsasən bu imkandan istifadə edilməklə rayonda aqropark tikintisi layihələndirilib.
“Aqropark”ın inkişaf konsepsiyası haqqında cənab Prezident İlham Əliyevə məlumat verilərək bildirilib ki, bu konsepsiya ölkənin ixrac potensialının artırılmasında və coğrafiyasının genişləndirilməsində, milli brendlərin yaradılmasında, kiçik və orta fermerlərin innovativ qabiliyyətinin artırılmasında, kənd təsərrüfatı sahəsində əlaqələndirilmiş vahid sistemin, eləcə də istehsalçı, emalçı və istehlakçı arasında inteqrasiya münasibətlərinin formalaşmasında, yüksək məhsuldarlığın əldə olunmasında, aqrar sahədə ixtisaslı kadrların hazırlanmasında və yeni iş yerlərinin açılmasında əhəmiyyətli rol oynayacaq.

“Şəmkir Aqropark” bir və ya bir neçə növ kənd təsərrüfatı məhsullarının istehsalı, emalı və maketinqi ilə əlaqədar fəaliyyətlərin vahid istehsal məkanında, bir ərazidə kombinsiya olunmuş təsərrüfatçılıq subyektidir Eyni zamanda, aqroparkla “Zəyəm Texnologiyalar Parkı” arasında işgüzar münasibətlərin yaradılması və fermerlər üçün istixana konstruksiyalarının, damcılama və çiləmə üsulu ilə müasir suvarma avadanlıqlarının istehsalı və quraşdırılması həyata keçiriləcək. Bununla yanaşı, aqropark kiçik fərdi istehsalçı səviyyəsindən geniş miqyaslı aqrar sənaye istehsalına keçidin və xarici bazarlara sabit və etibarlı çıxışın təmin edilməsinə şərait yaradacaq, müasir yeni texnologiyaların, həmçinin vahid standartların tətbiqi və son məhsulda davamlı keyfiyyətin əldə edilməsi bu nəhəng layihəni maraqlı və rentabelli edir.

Bu yeni xidmət müəssisəsi regionda fermerlərin sahibkarlıq fəaliyyətini gücləndirməklə yanaşı onlara məsləhət, texniki, aqroservis və logistika xidmətlərinin göstərilməsinə, toxum, şitil, dərman , gübrə və aqrar sahədə lazım olan vəsaitlər ilə təmin olunmasına şərait yaradacaq.
Aqroparkın təlim-tədris mərkəzi tərəfindən fermerlərə torpağın tərkibinə uyğun istifadə olunması və düzgün aqrotexniki qulluq və bostan və tərəvəz bitkilərinin torpaqsız üsulla yetişdirilməsi üzrə treninqlər keçiriləcək.

Respublikada ilk dəfə Şəmkir rayonunda 543 hektar ərazidə yaradılacaq Aqroparkda müasir istixana kompleksi, şitillik, tinglik və intensiv bağçılıq təsərrüfatları, meyvə və tərəvəz emalı zavodları, tara istehsalı fabriki, logistika və aqroservis mərkəzi, soyuducu anbar, satış mərkəzləri, avtopark, elmi araşdırma və innovasiyalar mərkəzi, otel və müxtəlif infrastruktur müəssisələri inşa olunacaq. Aqroparkda müasir texnologiyaların tətbiqi ilə istehsal, emal, logistika – məhsulları saxlama, çeşidləmə, qablaşdırma, markalama, daşınma, daxili və xarici bazarlarda satış, yaşıl marketlər və fermer mağazaları üzrə fəaliyyətlərin vahid ərazidə cəmləşməsi rəqabət qabiliyyətli kənd təsərrüfatı və ərzaq məhsullarının istehsalına şərait yaradacaq.

Dünyada istixanalarda əsasən gül-çiçək, tərəvəz, meyvə, bostan məhsulları və tütün yetişdirilir. İstixanalarda bitkilər ekstremal hava şəraitindən, xəstəlik və ziyanvericilərdən effektli mühafizə oluna bildiyinə görə, dünyanın iqlim şəraitindən asılı olmayaraq müxtəlif regionlarında kənd təsərrüfatı məhsullarının istehsalında istixanalardan istifadə geniş yayılıb. Azərbaycanda təxminən 20-25 il əvvəl istixanalar əsasən Bakı və Bakıətrafında gül yetişdirilməsi ilə ixtisaslaşmışdısa, indi vəziyyət kəskin dəyişib. Artıq həm regionlarda istixana təsərrüfatları geniş yayılıb, həm də belə təsərrüfatlarda yetişdirilən məhsulların çeşidi artıb. Bu gün istixanalar əsasən, tərəvəz və bostan məhsulları istehsalı üzrə ixtisaslaşıblar. Hazırda Azərbaycandakı istixana təsərrüfatlarında pomidor və xiyar istehsalının xüsusi çəkisi daha yüksəkdir. Bu da ölkəmizdə ilin bütün fəsillərində əhalinin faraş təvəz məhsulları ilə təminatında əhəmiyyətli rol oynayacaq.